Çempionlar Liqası: “Yuventus” – “Real” - 2:1

Mayın 5-də Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib.

APA-nın məlumatına görə, “Yuventus” öz meydanında turnirin son qalibi Madrid “Real”ı ilə qarşılaşıb.

İtaliya A Seriyasında çempionluğu təmin edən “Yuventus” ÇL-də də eyni uğuru təkrarlamaq arzusundadır. Sonuncu dəfə 1996-cı ildə kuboku qazanan “qoca sinyora” 19 illik həsrətə son qoymaq istəyir.

Bu komandalar sonuncu dəfə ötən mövsüm qrup mərhələsində qarşılaşıblar. Madriddə “Real” 2:1 hesablı qələbə qazandığı halda, Turində 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, “Yuventus” ¼ finalda “Monako”nu, “Real” isə “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Oyun kifayət qədər maraqlı başladı. Bunun da nəticəsində, 9-cu dəqiqənin tamamında ev sahibləri hesabı açdılar. Karlos Tevesin zərbəsini Kasillas qaytarsa da, təkrar zərbə ilə Alvaro Morata komandasını hesabda önə keçirdi.

Qoldan sonra hücumlarının kəsərini artıran qonaqlar 27-ci dəqiqədə Ronaldo ilə bərabərlik qolunu vura bildilər.

İlk hissə bu hesabla bitdi.

İkinci hissəyə daha fəal başlayan "qoca sinyora" azarkeşlərinin də dəstəyi ilə irəli atılaraq xoşbəxtliyi rəqib qapısında axtarmağa başladı. Bu axtarış uzun çəkmədi və ikinci hissənin ilk 15 dəqiqəsinin tamamlanmasına 2 dəqiqə qalmış argentinalı ulduz Karlos Teves özünə qarşı kobudluğa görə təyin olunmuş penaltini qola çevirərək azarkeşlərini yenidən sevindirdi.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq oyunda başqa qol olmayınca matç elə bu hesabla da başa çatdı.

Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar

5 may

“Yuventus” (İtaliya) – “Real” (İspaniya) - 2:1
Qollar: Alvaro Morata, 9, Karlos Teves, 57 (pen.) - Ronaldo, 27

Yuventus: Buffon, Kyellini, Bonuççi, Lixtştayner, Evra, Markizio, Pirlo, Vidal, Storaro, Morata, Teves
Ehtiyat oyunçular: Storari, Barzagli, Pepe, Padoin, Pereyra, Matri, Llorente
Baş məşqçi: Massimiliano Alleqri

Real Madrid: Kasillas, Varan, Pepe, Ramos, Marselo, Karvaxal, Kroos, Rodriges, Beyl, Ronaldo, İsko
Ehtiyat oyunçular: Navas, Koentrao, Arbeloa, Lukas Silva, İllaramendi, Xavier Hernandes, Xese
Baş məşqçi: Karlo Ançelotti

Baş hakim: Martin Atkinson (İngiltərə)
Turin. “Yuventus” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri