Azərbaycan Milli Xalça Muzeyində “Göyün yeddinci qatı” sərgisi açılıb

 

Azərbaycan Milli Xalça Muzeyində “Göyün yeddinci qatı” sərgisi açılıbMartın 10-da Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” fərdi yubiley sərgisinin açılışı olub.Açılışda Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova  Inna Kostinanın yaradıcılığından bəhs edib. “Bu gün Xalça Muzeyində yeni sərgini açırıq və bu gözəl vernisajla birlikdə  həm də Əməkdar rəssam İnna Kostinanın yubileyini qeyd edirik. Əslində onun ad günü ötən il sentyabrın 3-də olub, amma bilirsiniz ki, rəssam üçün ən böyük hədiyyə tamaşaçılarını əsərləri ilə görüşdürməkdir və burada görəcəyiniz ecazkar sənət əsərlərinin mövzusu məhz bahar mövsümü ilə uyğunlaşdığı üçün sərgini indi keçirməyi düşündük.

Bu sərgi ilə rəssam bizi Göyün yeddinci qatına ucalmağa dəvət edir. Buradakı əsərləri seyr edərkən biz həm böyük zövq alacaq, həm də bu sirli dünyanın iziylə gedərək düşünəcəyik.

İnna Kostina tanınmış istedadlı rəssam və pedaqoqdur. Bəlkə də sənət sahəsində ən aktiv rəssamlardan biridir. Onun adını tez-tez Azərbaycanda və xaricdə təşkil olunan sərgilərdən, simpoziumlardan eşidirik. Demək olar ki, hər il onun fərdi sərgiləri keçirilir. Zövq və ruhumuzu oxşayan əsərlərin müəllifi olan bu incə qəlbli xanımın həyatı sənətlə bütünləşib.

İnna Kostina böyük yaradıcılıq fədakarlığı ilə həm iri formatlı rəngkarlıq əsərləri yaradır, həm də zərif ipək üzərində rəsmlər çəkir. Onun obrazlar dünyası, mövzu dairəsi kətan üzərindən ipəyə, ipəkdən kətana keçid edir və beləliklə, rəssam öz sehrli dünyasına təkrar-təkrar qayıtmaq üçün müxtəlif üsulları sınayır. Bu sərgidə tamaşaçı İnna Kostinanın ipək üzərində böyük sevgi ilə yaratdığı batika sənəti nümunələrini görəcək.
O, uzun illərdir ki, ənənəvi Azərbaycan örpəyi olan kəlağayının tədqiqatı ilə məşğuldur. Zaman keçdikcə onun bu sevgi və həvəsi daha da böyüyərək kələğayı kolleksiyası toplamaq və ənənəvi kəlağayı ilə ipək üzərində əsərlərini birləşdirmək təcrübəsinə çevrilir.

“Göyün yeddinci qatı”nı 2021-2022-ci ildə Müasir İncəsənət Muzeyində keçirilmiş “Yerin, göyün bağları” sərgisinin davamı da hesab etmək olar. Həmin sərgidə İ.Kostina ilk dəfə vernisajın adı ilə bağlı olan sirli, lakin həyat və qeyri-adi güclərlə dolu nağıl bağlarının təsvir edildiyi rəngkarlıq əsərlərini təqdim etmişdi. Bizim vernisajda İnna Kostinanın “Bağ” silsiləsindən yeni rəngkarlıq əsəri təqdim edilir. Batikada isə insanı heyran edən bu  bağlarda yaşayan, gözəl mifik Simurqlar əks olunub”, Şirin Məlikova  vurğulayıb.

Sərgidə müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edən zərif ipək üzərində rəsmləri – batika sənəti nümunələri, eyni zamanda rəngkarlıq əsərləri və instalyasiyası yer alır. Ekspozisiyada öz fərdi üslubu ilə seçilən rəssamın sirli dünyasını, doğma yurdu Azərbaycana xüsusi bağlılığını əks etdirən 14 əsəri nümayiş etdirilir.

İnna Kostinanın böyük sevgi və yaradıcılıq fədakarlığı ilə ərsəyə gətirdiyi əsərlərdən ibarət sərgi həm də inklüziv xarakter daşıyır. Burada həmçinin onun görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı kiçik ölçülü rəsmlər – taktil batika nümunələri sərgilənir və bu eksponatların yanında brayl şrifti ilə onlarla bağlı mətnlər yerləşdirilib. Muzey tərəfindən sərgidə nümayiş olunan əsərlərdən ibarət kataloq da çap olunub.

Layihənin kuratoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.

Sərgi aprelin 10-dək davam edəcək.













 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57