Özcan Deniz Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib 

 


Özcan Deniz Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

25 oktyabrda məşhur türkiyəli müğənni Özcan Deniz Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə ifaçı pərəstişkarlarını salamlayaraq bunları söyləyib:

"İkinci dəfə Bakıya konsert proqramı ilə gəlirəm. Aradan 10 il keçib. Bu müddət ərzində musiqidən uzaqlaşdım və  aktyorluq sənəti ilə məşğul oldum. Filmlərin qala gecələrində Bakıya gəlmişəm. Bu şəhər mənim üçün ikinci evdir. Bakını çox sevirəm. Özümü burada heç vaxt yad hiss etmirəm".

Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar yaşadıb. Özcan Dəniz səhnədə sevilən əsərlərini səsləndirib. Onların arasında: " Yalan mı" ," Dön desem", "Bir dudakdan"," Yeter",  "Canım", " Aşk", " Leyla", " İllalah", "Aslan gibi" kimi mahnılarını ifa edib.

Sənətçi  “Nasip değilmiş” mahnısını oxuyarkən fasilə edərək sevənlərinə məsləhət verib:

"Sizə xoş gəlməyən insanlardan uzaq durun. Belə insanları həyatınızdan çıxarın, haqqınızı halal edin, yetər ki, sizdən uzaq, Allaha yaxın olsunlar”.

Özcan Deniz Bakıda 10 il öncə ona konsertdə verilən hədiyyələrdən də danışıb:

"Bakıda sonuncu konsertimdə pərəstişkarlarım sanki oğlum olacağını öncədən bilirdilər. Mənə çoxlu uşaq paltarları hədiyyə etmişdilər. Onları saxladım və 6 il sonra doğulan oğluma geyindirdim".

Özcan Deniz karyerasının ilk illərində "Beni affet" mahnısını həsr etdiyi xanımdan da danışıb:

"1991-ci ildə televiziyaya dəvət edilmişdim. O zamanlar ekrana çıxmaq çox çətin idi. Düşündüm ki, səhəri gün hər kəs üzərimə gələcək, tanıyacaq, küçədə pərəstişkarların əhatəsində rahat gəzə bilməyəcəm. Elə bir hal olmadı. Kasetlər satılan mağazaya gəldim, heç kim mənə yaxınlaşmadı. Axşam saatlarına yaxın bəyaz libaslı, səliqəli geyimli gözəl qadın mənə yaxınlaşdı. O zaman 19-20 yaşında idim. Mənə dedi ki, Özcan Deniz sizsiniz? Cavab verdim ki, bəli. İmzalı kasetimi istədi. Adını soruşdum. Adının Firuzə olduğunu və Sezen Aksunun "Firuze" mahnısını ona yazıldığını dedi”.
Sənətçi sözlərinə davam edərək bunları səsləndirdi:
“Sonra dedi ki, Kiprdə düymə fabriki olan bir kişinin həyat yoldaşıdır, o, vəfat etdikdən sonra fabriki satıb. Pulunu isə haraya sərmayə qoyacağını düşünür. Mağaza rəhbərinə dedi ki, "Özcan Dənizi ötən gün televiziyada izlədim və qərar verdim ki, bütün pulumu bu gəncə sərf edim". Qadın həqiqətən də hər yerə zəng etməyə başladı. Banka zəng etdi ki, Özcan Deniz gələcək, ona bank hesabından pul verin. Başqa yerə zəng edib deyir ki, Özcan Deniz gələcək, villanı təmizləyin, orada yaşayacaq. Baş verənlərə inana bilmirdim”.

Ö.Dəniz qadının şizofreniya xəstəsi olduğunu və aldadıldığını dedi:

“Bir həftə sonra banka getdik, məlum oldu ki, elə bir bank yoxdur. Sən demə qadın şizofreniya xəstəsi imiş. Zəng etdiyi insanlar isə xəstəxanadan dostları idi. Bizə heç nə vermədi, amma əslində çox şey verdi. Həmin bir həftə müddətində nə xəyallar qurmuşdumsa, zamanla hamısı reallaşdı. Ona görə də insanlara nə qədər ümid verdiyinin fərqində olduğunu və heç kimin ümidini qırmamaq şərtilə çox gözəl anlatan hekayədir. Bu haqda film də çəkdik: "Neredesin Firuze". Qadını tapsam öpüb deyəcəm ki, Allah sizdən razı olsun. Amma qadını tapa bilmədik. Əgər həyatdadırsa, yaşayırsa, inşallah ki, xoşbəxtdir, sağlamdır".
Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutub. Şirkətin rəhbəri Eyyub Hüseynzadə Özcan Denizə ifaçının portretini əks etdirən xalça hədiyyə edib.


  

Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri