Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirildi

 


Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirildi.

İyun ayının 7-si Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı keçirildi. 

Giriş sözü ilə Heydər Əliyev Sarayın direktoru, Əməkdar artist Ramil Qasımov çıxış etdi. O, Elza xanımın yaradıcılığı haqqında tamaşaçılara bəxs etdi.

1938-ci ildə Hacıqabulda dünyaya göz açmış Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir. Onun çox məhsuldar yaradıcılıq yolu olub. Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində başlayan bəstəkar 1970-1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi kollecində çalışıb. Ölkəmizdə musiqiçi kadrların hazırlanması sahəsində bilik və bacarığını əsirgəməyib.

 Elza İbrahimova Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri, Xalq artistləri İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Arzu Əliyeva, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər İlhamə Qasımova, Zamiq Hüseynov, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva ifa edib. İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşaiyət edib.

 Gecədə bəstəkarın “Ey Vətən”,  «Bilməzdim”, „Gecələr bulaq başı” , „Qurban verərdim”, “Gəl barışaq”, „Mehribanım”, “Yoxluğunu bilə-bilə”, „Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər tanınmış mahnıları səslənib.











   




 

Mətn: Günel Həsənova
Foto: Kamran Bağırov
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57