Milli Xalça Muzeyində gürcü rəssamın sərgisi açılıb

[hide][/hide]

30 noyabr Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olub.Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
 Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş etdirir.
Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır. Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Nino Kipşidzenin yaradıcılığında sözün əsl mənasında ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.
Sərginin kuratoru – Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir.
Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxışında Nino Kipşidzenin yaradıcılığı haqqında danışıb. O bildirib ki, rəssam öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.  
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib ki, rəsm sərgilərinin keçirilməsi iki ölkə arasındakı mədəni əlaqələri gücləndirir. O qeyd edib ki, belə tədbirlər davamlı olaraq təşkil ediləcək: “Bildiyiniz kimi müəyyən obyektiv səbəblərə görə bir müddətdir ki, biz tədbirlər keçirə bilmirdik. Mən çox şadam ki, bu gün Nino xanım Bakıdadır və onun sərgisi keçirilir. Əminəm ki, siz bu gün bu sərgidən çox zövq alacaqsınız. Bu tədbirlərin davamı olacaq. Belə tədbirlərin keçirilməsi Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri gücləndirir. Bundan sonra da biz birlikdə daha çox tədbirlər keçirəcəyik. Bu tədbirlər strateji tərəfdaşlığımızın, dostluğumuzun bir nümunəsidir”.
Rəssam Nino Kipşidze çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O vurğulayıb ki, sərgi yüksək səviyyədə təşkil edilib: “Mən bir neçə dəfə Bakıda olmuşam. Budəfəki gəlişim xüsusilə fərqlənib. Məni burada çox gözəl qarşıladılar. Sərgiyə gələn hər kəsə təşəkkürümü bildirirəm”.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57