Latviyanın Azərbaycandakı səfirliyi xeyriyyə auksionu təşkil edib

   





Latviyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə avqustun 19-da Bakıda xeyriyyə auksionu təşkil edilib. Latviya səfirliyi, “The Landmark” biznes mərkəzi, “f3.7 birliyi” və “PlatformART” təşkilatı ilə birgə təşkil olunan xeyriyyə auksionunda bu yaxınlarda “Bakı Fotoqrafiya Evi”ndə “Defocused” adlı sərgidə nümayiş edilən fotolar təqdim edilib. Satışa çıxarılan əsərlər 10 istedadlı gənc tərəfindən çəkilib.

Tədbirdə çıxış edən Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Viya Buşa bildirib ki, Latviyanın Avropa İttifaqının “Yaşıl sazişi”nin yerinə yetirilməsində öhdəçiliyi var:

“Latviya təcrid olunmuş “enerji adasından” azad və şəffaf enerji bazarına nail olmaq yolunda çox işlər görüb. Latviya hər zaman müvafiq Azərbaycan qurumları ilə birgə “Yaşıl enerji” layihələrinə böyük əhəmiyyət verir. Latviyanın Azərbaycandakı səfirliyi ekoloji problemlərin həllində fəaliyyət göstərən təşkilatlara yardım etmək istəyir. Buna görə də auksiondan əldə edilən gəlir ekologiya sahəsində fəaliyyət göstərən “Ecofront” Qeyri - Hökumət təşkilatının həyata keçirdiyi işlənmiş batareyaların toplanması və ləğv edilməsi aksiyasına yönləndiriləcək”.



Layihənin kuratoru Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya tədbirdə çıxış edərək bunları bildirib:

“İki həftə boyunca “Bakı Fotoqrafiya Evi”ndə gənc fotoqrafların “Defocused” adlı sərgisi keçirilirdi. 10 istedadlı azərbaycanlı fotoqraf ekologiya mövzusunda öz işlərini nümayiş etdirirdilər. Bugünkü auksion həmin sərginin davamı sayılır. Orada nümayiş olunan fotolar bugünkü auksionda satışa çıxarılıb.

Nümayiş olunan işlər təbiətin gözəlliyini əks etdirir eyni zamanda, ekoloji problemləri də qabardır, ətraf mühitin çirkləndiyini ön plana çəkir.
Bu gün keçirdiyimiz auksion xeyriyyə məqsədi daşıyır. Burada satılacaq fotolardan gələn gəlir “Ecofront” Qeyri-Hökumət Təşkilatının hesabına köçürüləcək. Adını çəkdiyim təşkilat əldə edilən vəsait hesabına istifadə olunmuş batareyaları toplayaraq ətraf mühitin təmizlənməsinə öz töhfəsini verəcək. Burada nümayiş olunan işlər Azərbaycanda çəkilib və ölkəmizin füsunkar bir məkan olduğunu göstərir.

Bu tədbirdə kurator və istedadlı gənclərin gördükləri işləri dəstəkləyən bir şəxs kimi çıxış edirəm. Mənim əsas vəzifəm yeni karyera quran gəncləri lazımi təşkilatlarla tanış etmək və işlərinə köməklik göstərməkdir. Çünki onların yaradıcı sahədə fəaliyyət göstərməsi olduqca vacibdir”
Qeyd edək ki, auksionda fotoqrafiya sahəsində ilk addımlarını atan çox istedadlı 10 fotoqrafın – Emin Mathers, Şərəf Nağıyeva, Tati Səttar, Çiçək Bayramlı, Leyla Musayeva, Zaur Mirzəyev, Kamil Abbaszadə, Orxan Hüseynov, Lalə Əliyeva və Nurlan Babazadənin işləri təqdim olunub.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57