Bayramda Şəki Xan Sarayını hər gün üç minədək turist ziyarət edir



Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir.

LİVE.az AZƏRTAC-a istinadla xəbər verir ki, hər il olduğu kimi, bu il də bayram tətili günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Qoruğun direktoru Yusif Məmmədov bildirib ki, ötən ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən sonra yerli və xarici turistlərin bu qədim diyara marağı daha da artıb. Yeni il bayramı günlərində Şəki Xan Sarayını hər gün 3 minədək turist ziyarət edir. Onların bir qismi bilet alıb bələdçi ilə birlikdə Xan Sarayı ilə yaxından tanış olur. Digərləri isə qoruğun ərazisini gəzir, sarayın həyətində xatirə şəkilləri çəkdirir, yaxınlıqdakı “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə baş çəkirlər. Ümumiyyətlə, bayram günlərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gün ərzində 4-6 minədək turist gəlir.


Direktorun sözlərinə görə, Yeni il bayramı günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylər, sənətkarlıq emalatxanaları, həmçinin Xan Sarayının qapıları səhərdən axşamadək qonaqların üzünə açıq olur. Bayram günlərində xarici turistlər arasında Rusiyadan, Avropa ölkələri İspaniya, Fransa, Almaniya və İngiltərədən, ərəb ölkələrindən gələnlər üstünlük təşkil edirlər.

Xavyer Sançes Arjona ailəsi ilə birlikdə Azərbaycana İspaniyanın paytaxtı Madriddən gəlib. İspaniyalı qonaqlar Şəkidən əvvəl dörd gün Bakıda olub, paytaxtın görməli yerlərini gəziblər. Ailə Yeni ili Gəncədə qarşılayıb. Şəkinin tarixi məkanları ilə tanışlıq qonaqların olduqca xoşuna gəlib. Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini də burada eşidiblər. Xavyer Yeni ilin ilk günlərini ailəsi ilə birlikdə məhz bu tarixi şəhərdə keçirməyindən olduqca məmnundur.


Bakı şəhər sakini Namiq Mahmudov da bayram tətilini ailəsi ilə birlikdə şimal-qərb bölgəsində keçirir. Azərbaycanın bölgələrinə səfər etməyi çox xoşladığını bildirən paytaxt sakini müsahibəsində deyib: “Hər il bayram günlərində ailəmlə birlikdə respublikamızın müxtəlif bölgələrinə səyahətə çıxıram. Bu dəfə bayram tətilini Şəkidə keçirməyi qərara aldıq. Hər dəfə Şəkiyə gələndə mütləq Xan Sarayını ziyarət edirəm. Bu sarayı ilk dəfə məktəb illərində görmüşəm. Buraya nəvələrimlə gəlmişəm. Qoy, onlar da Azərbaycanın tarixi abidələrini, görməli yerlərini yaxından tanısınlar. Tətilin qalan günlərini Oğuz və Qəbələdə keçirəcəyik”.

Bayram ərəfəsində Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) təşəbbüsü və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə ilk dəfə “Yeni il bazarı” da təşkil olunub. Şəhərin mərkəzindəki parkın qarşısında təşkil edilən yarmarkada quraşdırılmış Yeni il çadırlarında yerli sakinlərin əl işləri, dulusçuluq məmulatları, “ABAD”çıların hazırladıqları suvenirlər sərgilənir və satışı həyata keçirilir.


Şəki Destinasiya Menecmenti Təşkilatının direktoru Səbinə Yadullayeva bildirib ki, yarmarkanın xidmətlərindən hər gün yerli sakinlərlə yanaşı, şəhərin qonaqları, o cümlədən əcnəbi turistlər də yararlanırlar. Yarmarkada yerli və xarici ziyarətçilər üçün Şəki DMT-nin informasiya məntəqəsi də fəaliyyət göstərir. Burada regionun otelləri, turlar və digər xidmətlər haqqında məlumat almaq olar.

“Yeni il bazarı” 2020-ci il yanvarın 5-dək davam edib.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57