İl ərzində Azərbaycanın valyuta bazarında ABŞ dolları üzrə dövriyyə 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb

Hesabat dövründə bank şöbələri tərəfindən əhaliyə satılan nağd valyutanın həcmində artım olub

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin I rübü ilə müqayisədə bu ilin ilk 3 ayında valyuta bazarında ABŞ dolları üzrə dövriyyənin həcmi 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb.

APA-nn xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

Belə ki, əgər 2014-cü ilin I rübündə valyuta bazarında ABŞ dolları ilə əməliyyatların həcmi 7 789 mln. ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 18 341 mln. ABŞ dollarına yüksəlib.

Ötən ilin yanvar-mart aylarında valyuta bazarında avro ilə əməliyyatların həcmi 612 mln. avro olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici artaraq 1491 mln. avro təşkil edib.




Mərkəzi Bank rəsmisi əlavə edib ki, müqayisə olunan dövrdə bank şöbələri tərəfindən əhaliyə satılan nağd valyutanın həcmi 2,1 dəfə çox artıb.

Belə ki, 2014-cü ilin I rübündə ölkədəki bank şöbələri 1743,5 mln. ABŞ dolları məbləğində dollar, 447,5 mln. ABŞ dolları məbləğində avro satıb. 2015-cü ilin I rübündə isə ölkədəki bank şöbələri 4332,4 mln. ABŞ dolları məbləğində dollar, 288,1 mln. ABŞ dolları məbləğində avro satıb.



A.Ələsgərov ölkədəki valyuta bazarında ABŞ dolları və avro ilə əməliyyatların artmasını dünyada baş verən iqtisadi proseslərin həm birbaşa, həm də dolayı təsiri ilə bu ilin I rübündə Azərbaycanda valyuta bazarında xarici valyutaya tələbin kəskin şəkildə yüksəlməsi ilə izah edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri