SOCAR “Washington Post” nəşrində dərc olunan yazı ilə bağlı bəyanat yayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar bəyanat yayıb.

APA-nin xəbərinə görə, bəyanatda deyilir: “Biz “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazılığımızı ifadə edirik. SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir”.


Qeyd edək ki, “Washinghton Post” nəşri yazıb ki, ABŞ Konqresinin 10 üzvünün Bakıda keçirilən enerji konfransında iştirak etmək üçün etdiyi səfər Konqresin Etika Komissiyasından gizli saxlanılıb. Nəşr iddia edir ki, konqresmenlərin səfər xərcləri SOCAR tərəfindən gizli şəkildə ödənilib.


Qəzet onu da iddia edir ki, SOCAR vəsaitləri konqresmenlərə bəzi qeyri-kommersiya qrupları vasitəsilə ötürüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri