Türkiyə səfirliyinin təhsil müşaviri: "Hazırda Türkiyədə 8-10 min azərbaycanlı tələbə təhsil alır"

“Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı getdikcə artır”.

APA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunan təhsil müşaviri Abdulqafur Büyükfırat bildirib ki, hazırda 8-10 min azərbaycanlı tələbə Türkiyədə təhsil alır.

Onun sözlərinə görə, qarşılıqlı olaraq Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı 3000-3500 civarındadır. Bir neçə il əvvəl bu rəqəmlərin fərqli olduğunu deyən təhsil müşaviri qeyd edib ki, illər öncə təxminən 300-3500 azərbaycanlı tələbə Türkiyədə, 10 minə yaxın türkiyəli tələbə isə Azərbaycanda təhsil alırdı: “Hazırda bu rəqəmlər dəyişib. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının gələcək illərdə daha da artacağı gözlənilir. Azərbaycanlı tələblər Türkiyənin 174 universitetində təhsil ala bilərlər. Gələcək illərdə Türkiyədə təhsil alan tələbələrin sayının 15 minə çatacağı gözlənilir”.

Təhsil müşaviri Azərbaycan və Türkiyə universitetləri arasında diplomların ikili tanınması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür: “Bir sıra proqramlar həyata keçirilir ki, bunları bitirəndə, qarşılıqlı diplom almaq mümkün olacaq. Proqramlar və layihələr davam etməkdədir. Gələcək illərdə diplomların qarşılıqlı olaraq tam tanınması məsələsi də öz həllini tapacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri