Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olunub

Martın 13-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.

Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə neqativ təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcək. Beləliklə, agentlik belə qənaətə gəlir ki, çevik fiskal və monetar siyasət xarici valyuta ehtiyatlarının azalmasının əhəmiyyətli dərəcədə qarşısını alacaq.

Qeyd olunanlarla yanaşı, “Fiç Reytingz” maliyyə davamlılığını təmin edəcək əlavə tədbirlərin və ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində daha təsirli addımların atılmasını ölkənin gələcək reytinqinə müsbət təsir göstərəcək əlavə faktorlar kimi qiymətləndirir.

Məlumatda qeyd edilir ki, aparıcı beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycana əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin bir daha təsdiqi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə icması tərəfindən etimadın yüksək olaraq qalmasının əyani sübutudur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri