Göyçay sakini sevdiyi qıza görə qonşusunu 9 bıçaq zərbəsi ilə qətlə yetirib

Göyçay rayonunda gənclər arasında baş verən və ölümlə nəticələnən davanın təfərrüatları bəlli olub.

Mərhum Rahib Əliyevin ailə üzvləri APA-nın yerli bürosuna bildiriblər ki, Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər, lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar. Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı deyib. Bu günlərdə isə mərhum Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb və Novruz bayramında nişan mərasiminin keçirilməsi haqqında razılıq əldə olunub.

Bundan sonra Elşən Rahibin evinə gələrək, onu söhbətə çağırıb. Deyib ki, gedək qızla görüşək və görək qız kimi istəyir. Rahibi aldadaraq küçəyə çıxaran Elşən Rahibin öz maşınında qızın evinə gedərkən yolda onu bıçaqlamağa başlayıb. Rahibə 9 bıçaq xəsarəti yetirən Elşən sonra yerə düşərək onun avtomobilinin şinlərini də bıçaqla kəsib-doğrayıb ki, yaralını vaxtında xəstəxanaya aparmaq mümkün olmasın. Əvvəlcədən Rahibin evinə hazırlıqlı gələn və onu amansızlıqla qəsdən qətlə yetirən Elşən Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

* * *


Göyçay rayonunda gənclər arasında baş verən dava qan tökülməsi ilə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 1993-cü il təvəllüdlü Əliyev Rahib Yaşar oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyələrindən 9 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Belə ki, gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
Şərhlər
Hadisə bölməsinin xəbərləri