Azərbaycanda külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb

“Karat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, istintaq zamanı “Karat” Mənzil Tikinti Kooperativinin (MTK) icraçı direktoru Rövşən Hacızadənin, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan R.Hacızadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Q.Əmiraslanova isə 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri