Şahin Sultanov: “Azadlıqda olduğuma görə prezident İlham Əliyevə təşəkkür edirəm”

Bu gün Bakı Hərbi Məhkəməsi tərəfindən azadlığa buraxılan Hərbi Dəniz Qüvvələrinin sabiq rəisi Şahin Sultanov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, Ş. Sultanov günahkar olmadığını bildirib.

“Mən günahkar deyiləm. Azadlıqda olduğuma görə prezident İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Özümü Heydər Əliyevin yetirməsi sayıram. Öz xalqıma, Vətənimə sadiq qalmışam. Admiral rütbəsini mənə Heydər Əliyev, “Azərbaycan bayrağı” ordenini isə prezident İlham Əliyev verib”.

Ş. Sultanov hərbi rütbələrinin alınmadığını da söyləyib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri