Ucarda avtomobil dərəyə yuvarlanaraq yanıb, 3 nəfər ölüb

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində (rayon mərkəzindən 18 km aralı) "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:50-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri