Kürdəmirdə avtomobil yolunun tikintisində dövlətə ziyan vurulduğu aşkarlanıb

Kürdəmirdə avtomobil yolunun tikintisində dövlətə ziyan vurulduğu aşkarlanıb Hesablama Palatası yoxlama zamanı Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisində pozuntulara yol verildiyini aşkarlayıb.

APA-nın məlumatına görə, Hesablama Palatasının Kollegiya iclasında “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Nəzarət tədbiri üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İ. Əliyevin 07 mart 2012-ci il 2081 saylı sərəncamı ilə Kürdəmir rayonunda 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uzunluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu yolunun tikintisi üçün 3 milyon manat ayrılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri