Gəncədə iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb

Gəncədə faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 7 radələrində şəhərin Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Vüqar Qasımovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Sürahil Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub.

Qəza nəticəsində V. Qasımov ölüb, S. Həsənov müxtəlif bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan S. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəza yerinə FHN-in xilasediciləri də cəlb edilib.

Onlar V. Qasımovun “VAZ 2106”-da sıxılıb qalmış meyitini xüsusi alətlər vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri