Şəmkirdə evə silahlı basqın: 5 nəfəri yaralayıb 1 milyon rubl apardılar

Şəmkirdə evə silahlı basqın olub. Soyğunçuluq məqsədilə törədilən basqında 5 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirilib, evdən xeyli pul və zinyət əşyası zorakılıqla götürülüb.

APA TV-nin xəbərinə görə, hadisə Şəmkir şəhərinin qaçqınlar massivi adlanan ərazisindəki evlərin birində qeydə alınıb. Gecə saatlarında 4 nəfər maskalı şəxs zorakılıqla daxil olub. Odlu və soyuq silahla silahlanan kimliyi qeyri-müəyyən şəxslər evdəki 5 nəfəri döyərək pul və qızılları tələb edib. Ev sahiblərinin tələblərinə əməl etmək istəmədiyini görən soyğunçular onları silahın qundağı ilə döyüb, daha sonra isə bıçaqla xəsarətlər yetiriblər. Soyğunçular ev sahibi, 32 yaşlı Ruslan Səfərova Rusiyada yaşayan qardaşı tərəfindən pul göndərildiyini bilərək evə basqın edib. Elə ən ciddi xəsarət də Ruslan Səfərova yetirilib. Hazırda o, Şəmkir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindədir. Soyğunçular Ruslanın hamilə olan həyat yoldaşı, 23 yaşlı Röyalə Səfərovaya bıçaqla ağır xəsarət yetiriblər. Eyni zamanda onun atası, 58 yaşlı Hüseyn Səfərov və anası, 52 yaşlı Ağgül Mustafayevanı, hətta həmin vaxt evdə qonaq olan qohumları Gədəbəy sakini, 61 yaşlı Qətibə Tağıyevanı da da döyüblər.

Şəmkir Mərkəzi rayon Xəstəxanasında ilkin tibi yardım göstərilən yaralılardan Hüseyn Səfərovun müalicəsi evdə davam etdilir. Digər 4 yaralı isə həkim nəzarətindədir. Ruslan Səfərov vəziyyəti daha ciddi olduğundan reanimasiya şöbəsində saxlanılır.

Basqını törədən soyğunçuların kimliyinin müəyyənləşdirilməsi və istintaqa cəlb edilməsi məqsədilə Şəmkir rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri