Lənkəranda tiryəkxana aşkarlanıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkum olunmuş, 34 yaşlı Davud Sabir oğlu Musatafayevin yaşadığı evdə tiryəkxana aşkarlanıb.

Lənkəran ŞRPŞ-nin müstəntiqi Toğrul Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumatına görə, aparılan axtarışlar zamanı evdən 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşiş, 7 bükümdə və bir ədəd sellofan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə edilən “Belemorkanal” və “Vest” markalı siqaretlər, 10 ədəd şpiris və 10 ədəd distillə olunmuş su ampulası aşkar edilib.

Əməliyyat-axtarış tədbiri zamanı Davud Mustafayevin evindən həmçinin “iş başında” olan narkotik istifadəçiləri də saxlanılıb.

Saxlanılan şəxslərdən rayon sakinləri, 38 yaşlı, əvvəllər məhkum olunmuş İsfəndiyar Sabir oğlu Mustafayevdən 0,5 qram, 21 yaşlı Murad Famil oğlu Həbibovdan 0,1 qram heroin, 39 yaşlı Zülfüqar Adil oğlu Quliyevdən 0,1 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri