Gəncədə qadının öldürülərək evinin yandırılması faktı ilə bağlı cinayət işi başlanıb

Gəncə şəhərində yanğın baş vermiş evdə ev sahibəsinin əl və ayağı bağlanmış vəziyyətdə meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əllləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri