On il əvvəl polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını on il əvvəl öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Rafiq Nurmetovun anket məlumatları dəqiqləşdirilib. Digər təqsirləndirilən natiq Orucov isə məhkəməyə gətirilmədiyindən proses noyabrın 7-dək təxirə salınıb.

Qeyd edək ki, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə "Makarov" tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri