AİB prezidenti: “Azərbaycan rəsmiləri ilə görüşlərdə ödənişli yolların tikintisi məsələsi əsas diqqət mərkəzində olub”

Bu gün Bakıda Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao dövlət başçısı İlham Əliyev və maliyyə naziri Samir Şərifovla görüşüb.

APA xəbər verir ki, T. Nakao Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, müzakirələr zamanı dövlət və özəl sektorun tərəfdaşlığı, pullu yolların tikilməsi əsas diqqət mərkəzində olub.

T. Nakaonun sözlərinə görə, görüşdə qanunvericilik və tənzimlənmə bazasının daha təkmilləşdirilməsi, satınalma proseslərinin şəffaf şəkildə həyata keçirilməsi, habelə neft-qaz satışından, müqavilələrdən əldə olunan maliyyə vəsaitlərinin düzgün və münasib şəkildə idarə olunması məsələləri müzakirə edilib.

“Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı vacib sahələrdən biridir. Əhalinin böyük əksəriyyəti bu sahədə cəmlənib. Bu sahənin inkişafı üçün ölkənin böyük potensialı var. Həmçinin dərin mədəni irsə və tarixi malik ölkənin turizminin inkişafı da vacib məsələlərdəndir. Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir, odur ki, ölkə əldə etdiyi maliyyə vəsaitlərini qeyri-neft sektorunun inkişafına, sosial, səhiyyə, təhsil sahəsinə yönəltməlidir. Sement zavodlarının tikintisi də həll yollarından biridir”, - deyə T. Nakao qeyd edib.

O, Azərbaycan Dövlət Neft Fondunun yaradılmasını müsbət qərar olduğunu, lakin fondun təkcə büdcə kəsirini deyil, həm də gələcək nəsilləri nəzərdə tutmalı olduğunu vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri