Lənkəranda yanacaq daşıyan maşında güclü yangın olub

Lənkəranda güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə sentyabrın 3-də günorta saatlarında Lənkəran-Lerik şosse yolunun 2-ci km-də, rayon sakini Salman Hüseynova məxsus yanacaqdoldurma məntəqsəsinin ərazisində qeydə alınıb.

46 yaşlı Lənkəran rayon sakini Maqsud Hacıbala oğlu Xanməmmədovun idarə etdiyi “DAF” markalı, 44 AC 504 dövlət nömrə nişanlı yanacaqdaşıyan sisterndən yanacaq boşaldılarkən maşının arxa təkəri və nasos hissəsi qəfil yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran, Masallı, Astara rayonlarındakı yanğından mühafizə hissələrindən 6 yanğınsöndürən maşın və şəxsi heyəti, həmçinin FHN-nin Cənub Regional İdarəsinin əməkdaşları cəlb olunublar. Təxminən yarım saat ərzində yanğın tam söndürülüb və təhlükənin qarşısı alınıb.

Yanğın nəticəsində yanacaqdoldurma məntəqəsinin operatoru, Lənkəran rayon sakini, 35 yaşlı Fariz Əliyev II və III dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra F. Əliyevin vəziyyəti stabildir.

İlkin versiya kimi yanğına yanacaq daşıyan avtomobilin arxa təkərində və nasos hissəsində yaranan nasazlığın səbəb olduğu bildirilir. Qeyd edək ki, ərazisində yanğın baş verən yanacaqdoldurma məntəqəsi yaşayış evlərinin və magistral yolun yaxınlığında yerləşir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Aparılan iş nəticəsində ST OIL yanacaqdoldurma məntəqəsinin ərazisində "Coşqun" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 30 ton yanacaq daşıyan "KamAZ" markalı avtomobilin arxa təkərləri və nasos hissəsini əhatə edən yanğın söndürülüb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi və yanacaq doldurma məntəqəsi yanğından mühafizə olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri