Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakının Xətai rayonunda baş verən yol qəzasının səbəbləri məlum olub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Nəticədə yük maşını marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində sərnişin avtobusunda olan bir neçə nəfər də yüngül xəsarət alıb.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı daha bir neçə avtomobilə ziyan dəyib. Belə ki qəzadan yayınmaq istəyən “Mercedes”, “Hyundai” və “Mitsubishi-Pajero” markalı avtomobillərə ciddi ziyan dəyib.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə saat 07.30 radələrində Xətai rayonunda qeydə alınıb.

30 saylı xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “SHACMAN” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri