Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb

Bakıda dənizdə batan uşaqlardan daha birinin meyiti tapılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10 yaşlı Kəmalə Qafil qızı Əliyevanın meyiti batdığı yerdən 800-900 metr aralıda, qayaların yanında aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.

Onun qardaşı 6 yaşlı Fariz Əliyevin axtarışları davam etdirilir.

Qeyd edək ki, dünən axşam saatlarında Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Kəmalə Qafil qızı Məmmədova, onun bacısı 9 yaşlı İlgün Qafil qızı Məmmədova, qardaşı 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev batıb.

Aydan, İlgül və Hüseynin meyitləri dünən axşam tapılıb və bu gün dəfn olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən APA-ya bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.

Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri