Bakıda valideynləri arasındakı münaqişədən bezən gənc intihara cəhd edib

Gecə saat 4.00 radələrində Bakıda intihara cəhd olub.

APA-nın məlumatına görə, 1994-cü il təvəllüdlü Seymur Əliyev Bakının Nizami rayonu ərazisindəki asma körpüyə çıxaraq, özünü dəmir yol xəttinə atacağı ilə hədələyib. Seymur Əliyevi ilk görənlər Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları olublar. Polis əməkdaşları hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyini məlumatlandırıblar və xilasedicilər gələnədək intihara cəhd edən gənci sakitləşdirməyə çalışıblar.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb edilib. Xilasedicilər körpünün altında təhlükəsizlik tədbirləri görüblər, gəncin özünü ata biləcəyi nəzərə alınaraq, əraziyə xilasedici döşək gətirilib.

Seymur Əliyev xilasedicilərlə söhbəti zamanı intihara cəhdinin səbəbini açıqlayıb. O, bildirib ki, Bakının Çobanzadə küçəsində yaşayır. Evdə valideynləri arasındakı münaqişədən bezdiyini bildirən gənc, evdən qaçdığını və intihar yolu ilə həyatına son qoymağı planlaşdırdığını bildirib. Xilasedicilər aparılan psixoliji söhbətdən sonra Seymur Əliyevi intihar niyyətindən daşındıra biliblər.

Xilas edilən 20 yaşlı gənc Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparılıb. Onu intihara vadar edən səbəblərlə bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri