Bakının mərkəzində yük və iki minik maşını toqquşub, 2 nəfər xəsarət alıb

Bakının mərkəzində yük və iki minik maşını toqquşub.

APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində, Dəniz vağzalının qarşısında baş verib.

“Shacman” markalı yük maşını, BMW və “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

İlkin məlumata görə, “Shacman” markalı yük maşını Neftçilər prospekti ilə hərəkətdə olarkən BMW ona çırpılıb. Toqquşmadan sonra BMW prospektlə hərəkətdə olan “Nissan”a dəyib. Hadisə nəticəsində BMW-nin sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Hələlik adı müəyyən edilməyən sürücünün xəsarətləri daha ağır olub. Hər iki yaralı 1 saylı Kliniki Xəstəxanaya aparılıb.

Qəzadan sonra Neftçilər prospektində tıxac yaranıb.

Faktı Səbail Rayon Polis İdarəsi araşdırır. “Shacman” markalı yük maşınının sürücüsü dindirilmək üçün polis idarəsinə aparılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri