Gürcüstanın Vergi Xidməti: “2 ton 790 kq heroin Gürcüstana Azərbaycandan yox, Ermənistan ərazisindən tranzit olunub”

Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidməti yaydığı məlumatda Gürcüstan sərhədində bir neçə gün əvvəl saxlanılan 2 ton 790 kq heroinin Azərbaycandan yox, Ermənistan ərazisindən tranzit olunduğunu qeyd olunub.

APA-nın Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidmətinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Gürcüstan Maliyyə Nazirliyinin nəzdində Vergi Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin birgə araşdırması nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığına qarşı cinayətin üstü açılıb. Belə ki, hüquq mühafizə orqanı əməkdaşları yük maşınının yoxlanışı zamanı 2 ton 790 kiloqram maye halında narkotik vasitə aşkarlayıblar. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, yük maşını Gürcüstan ərazisinə Ermənistan Respublikasında daxil olmuş və Türkiyə istiqamətində hərəkət gedirmiş. Hüququ mühafizə orqanı əməkdaşları yük maşınından içərisində maye heroin olan, 93 ədəd hərəsi 30 kq olan çəlləklər aşkar edərək götürüblər.

İlkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, aşkar edilən narkotik vasitənin 80 faizi xalis heroindir və qiyməti yüz milyonlarla ABŞ dolları ilə ölçülür.

Xatırladaq ki, iyulun 12-də Gürcüstan sərhədində külli miqdarda narkotik vasitə ilə dolu yük maşını saxlanılıb. Yük maşınının yoxlanışı zamanı 2 ton 790 kiloqram maye halında narkotik vasitə aşkarlanıb. Gürcüstan DİN rəhbəri A.Çikaidze açıqlamasında narkotik vasitənin Əfqanıstan mənşəli olduğunu və onun Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini bildirmişdi. Nazir narkotikin Azərbaycan sərhədindən əməliyyat tədbirləri çərçivəsində buraxıldığını qeyd etmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri