Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda 8 yolötürücüsü və 15 körpü olacaq

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA-ya verdiyi məlumata görə, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq  yolun uzunluğu 60 km olacaq.
 
“Layihəyə əsasən, 8 yolötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular nəzərdə tutulub”, - deyə P.Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, yolboyu torpaq işlərinin 80%-i yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90%-i tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir: “İki hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri