Masallıda minik avtomobili maneəyə çırpılıb, sürücü ölüb

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə iyulun 14-də saat 18.00 radələrində Ələt-Astara magistralının 156-cı kilometrliyində, rayonun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallının Digah kənd sakini, 20 yaşlı Fəxri Tale oğlu Əhədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb, sürücü isə aldığı çoxsaylı bədən xəsarətlərindən dünyasını dəyişib.

Hadisə yerinə çağırılmış Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının köməkliyi ilə Fəxri Əhədovun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin versiya kimi qəzanın “Mercedes” markalı minik avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

Hazırda faktla Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Yekun nəticə isə müvafiq ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Şərhlər
Hadisə bölməsinin xəbərləri