Rusiya ilə sərhəddə valyuta qaçaqmalçılığının qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən valyuta qaçaqmalçılığının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına "Samur" gömrük postunun piyada keçidi ilə keçməklə gələn Rusiya Federasiyası vətəndaşı Raqimov Zaur Şamsaddinoviç postun giriş qapısına yaxınlaşıb və Azərbaycan istiqamətində giriş qapısında dayanan bir nəfərə əlində olan bağlamanı verib.

Sonra bağlamanı qəbul edən şəxs saxlanılaraq postun gömrük zonasına dəvət edilib, Raqimov Zaur Şamsaddinoviçdən nə qəbul etdiyi barədə şifahi sorğu-sual olunub. Özünü Azərbaycan Respublikası vətəndaşı Güləhmədov Baləhməd Eldar oğlu kimi təqdim edən şəxs bildirib ki, ona ötürülən bağlamada pul olub.

Bundan sonra Raqimov Zaur Şamsaddinoviçin gömrük nəzarətindən gizli yolla Güləhmədov Baləhməd Eldar oğluna ötürdüyü valyutalara hal şahidlərinin iştirakı ilə baxış keçirilib və pulların 69 ədəd 500-lük avro, ümumi 34.500 avro olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri