Bakıda 15 yaşlı emo qız yenə evdən qaçdı [Video]

Bakıda 15 yaşlı emo qız yenə evdən qaçdı [Video] Ananı gözləri yaşlı qoyan 15 yaşlı qızı Günay Abdullayeva ikinci dəfə evdən qaçıb. İlk qaçışı aprel ayının 25-nə təsadüf edib. Daha dəqiq Günay anasından parka getmək üçün icazə verməsini istəyib. İcazəni alaraq da yola düzəlib. Zavallı ana nə biləydi ki, izni verməklə övladını bir daha görmək şansını da itirəcək.

Günayın evə qayıtmadığını görən ana polis əməkdaşlarına bu haqda məlumat verib. Polislər Günayı axtaran vaxt elə ana da qızının sorağında yollara düşüb. Günayı görənlər isə bildiriblər ki,o, Emolara qoşulub. Dəfələrlə Emolar ilə birlikdə parkda gəzərkən onu görüblər. Emolar xüsusi həyat tərzi keçirən, hər şeydən əvvəl parlaq emosiyalarla yaşayan, geyimləri, saç düzümləri fərqli olan gənclərdir. Onlar bədbəxtlik, depresiflik, ümumiyyətlə, daxilən hiss etdikləri ağrını cəsurca xaricə çıxara bilirlər.

May ayının 14-də polis əməkdaşları tərəfindən Günay parkda gəzərkən saxlanılıb və gətirilib anasına təhvil verilib. Ancaq Günay bir gün evdə qaldıqdan sonra yenidən qaçıb.

Mətanət xanım isə qızının qaçmasının səbəbini şəraitsizliklə əlaqələndirir. Zirzəmidə 3 övladı ilə yaşayan ananın şəraiti dözülməzdir. Hazırda bir övladı həbsdə olan və heç bir yerdə işləməyən ana qonşuların köməyi ilə yarı ac, yarı tox dolanır. Zibilxanaları axtarıb tapdığı paltarları yuyub övladlarına geyindirir. Ananın sözlərinə görə, qızı belə bir şəraitlə barışmaq istəmir, rahat bir evdə insan kimi yaşamaq və təhsil alıb bir peşəyə yiyələnmək arzusundadır. Bu şəraitdə yaşamaqdan bezən qız rahatlığı internet klubların qarşısında, parklarda yatmaqda görür.

Gözünün yaşı qurumayan ananın indi bir arzusu var - o da tezliklə sağ-salamat övladına qovuşmaq.

Şərhlər
Hadisə bölməsinin xəbərləri