Mərkəzi Bank: Azərbaycanda bu il inflyasiya əvvəlki proqnoz çərçivəsində qalacaq

Azərbaycan Tarif Şurasının bu ilin dekabr ayında bəzi məhsulların tariflərinə etdiyi dəyişikliklərə baxmayaraq, 2013-cü ilin sonuna orta illik inflyasiyanın proqnoz çərçivəsində qalacağı gözlənilir.

APA-nın xəbər verdiyi kimi, bu barədə «Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı»nda deyilir.

Xatırladaq ki, dekabrın 2-də Tarif Şurasının qərarı ilə, Ai-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Ai-92 və Ai-80 markalı benzinin qiyməti 70 qəpik, dizel yanacağının qiyməti isə 60 qəpik səviyyəsində müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Ai-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik, Ai-92 və Ai-80 markalı benzinin qiyməti 55 qəpik, dizel yanacağının qiyməti isə 45 qəpik olub.

Dövlət Neft Şirkətinin hesablamalarına görə, yanacağın bahalaşması ümumi istehlak qiymətlərinə 3,8%-lik artırıcı təsir edəcək. Eyni zamanda, məsələn, Asiya İnkişaf Bankının hesablamalarına görə, bu addım nəticəsində gələn il Azərbaycanda inflyasiya 9%-ə çata bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 11 ayının nəticələrinə görə, orta illik inflyasiya 2,3% təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri