Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar


Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Live.az report-a istinadla verdiyi xəbərə görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


///


Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Bu barədə TƏBİB-dən  məlumat verilib.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli "Report"a bildirib ki, hadisə zamanı avtomobili Oqtay Əliyev idarə edirmiş:

“Mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “VAZ” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb”.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri