DİN Kürdəmir rayonunun mərkəzi bazarında qarşıdurma baş verməsi barədə məlumatlara aydınlıq gətirib

DİN Kürdəmir rayonunun mərkəzi bazarında qarşıdurma baş verməsi barədə məlumatlara aydınlıq gətirib Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunun mərkəzi bazarında bu gün qarşıdurmanın yaranması, xəsarət alanların olması barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sualına cavab olaraq yayılan məlumatların yalan və uydurma olduğunu deyib: “Təəssüflər olsun ki, bu gün hələ də bəzi jurnalistlər və dırnaqarası hüquq müdafiəçiləri qarışqadan fil düzəltmək adətlərindən əl çəkməyiblər. Bu gün Kürdəmirdə yaşanan xırda, adi məişət hadisəsini şişirdib guya böyük qarşıdurma kimi ictimaiyyətə sırımağa çalışırlar. Bu gün Kürdəmirin mərkəzi bazarında xırda alverlə məşğul olan bir qrup şəxs narazılıqlarını bildirmək üçün bazarın qarşısına toplaşıb. Həmin ərazidə xidmət aparan Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları onları nəqliyyatın və piyadaların hərəkətinə mane olmamaq üçün nizam-intizama, asayişi pozmamağa dəvət ediblər. Bu yöndə onlarla profilaktik söhbət aparılıb. Polisin tələblərinə anlayışla yanaşan həmin şəxslər dağılışıblar”.

Baş verən narazılığa aydınlıq gətirmək üçün rayon Polis Şöbəsində araşdırma aparıldığını deyən E. Zahidov “bəzilərinin iddia etdiyi kimi, polis tərəfindən saxlanılanların, xəsarət alanların olması, dəmir yolunun, avtomagistralın bağlanması barədə məlumatlar kökündən yanlışdır”, - deyə bildirib.

Qeyd edək ki, müsavat.com saytının yaydığı məlumatda bildirilir ki, avqustun 1-də səhər saatlarında Kürdəmir rayonunun mərkəzi bazarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.

Hüquq müdafiəçisi Lətafət Məlikovanın musavat.com-a verdiyi məlumata görə, mərkəzi bazarın sahibi deputat Fərhad Qəribovun oğludur.

Qeyd olunub kİ, etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsə də, polis qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb. Polislə qarşıdurma olub. Aksiyaçılar arasında xəsarət alanların olduğu bildirilir.

Sonradan aksiyaya daha 300 nəfər qoşulub. Etirazçılar Kürdəmir rayonu ərazisindən keçən dəmir yolunu bağlayıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri