Alman həkimlər İmran Cəfərzadənin vəziyyəti ilə bağlı məlumat yayıblar

Alman həkimlər İmran Cəfərzadənin vəziyyəti ilə bağlı məlumat yayıblar “Charite” klinikasının həkimləri İmran Cəfərzadənin vəziyyətini qiymətləndiriblər. Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin vəziyyəti il bağlı məlumat yayıb.

ANS-in məlumatına görə, iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə iyul ayının 26-də Almaniyaya gətirilmiş və Berlində “Charite” klinikasının uşaq cərrahiyyəsi bölməsinə yerləşdirilib.

İmran Cəfərzadənin müayinəsi və müalicəsi ilə adı çəkilən klinikanın aparıcı həkimlərindən ibarət heyət məşğul olur. İyul ayının 26-da xəstənin üzərində həyata keçirilən təxminən 6 saat davam edən cərrahiyyə əməliyyatı uğurlu olmuş və xəstənin vəziyyəti sabitləşib.

İyulun 30-da İmran Cəfərzadə müayinə edilib və bundan sonra xəstənin hazırkı durumuna dair ikinci böyük konsilium keçirilib. Konsiliumda bildirilib ki, hazırda İmran Cəfərzadənin həyatına təhlükə yoxdur və həkimlər diqqəti xəstənin ümumi vəziyyətinin sabit saxlanılmasına və bədən xəsarətlərinin aradan qaldırılmasına yönəldiblər.

Konsiliumda qeyd olunub ki, hazırkı vəziyyətdə intensiv müalicənin prioriteti İmran Cəfərzadənin sağ və sol ayaq nahiyəsində xəsarət almış əzələlərdə iltihablaşmanı aradan qaldırmaqdan ibarətdir. Xəsarət almış ayaq sümükləri üçün infeksiya təhlükəsinin qarşısını almaqdan ötrü həkimlər xəstənin ayaqlarına irinsoran cihaz yerləşdiriblər. Həkimlərin sözlərinə görə, sonuncu müayinədə bu prosesin uğurla getdiyi müəyyən olunub və iltihablaşmanın səviyyəsi bir neçə gündən sonra bir daha müayinə ediləcək. Bildirilib ki, ayaqlarda olan yaraların sağalması prosesi daha bir neçə həftə davam edəcək.

Azərbaycanın Almaniyadakı Səfirliyi “Charite” klinikası ilə mütəmadi əlaqə saxlayır və İmran Cəfərzadənin səhhəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasını və Heydər Əliyev Fondunu sistemli olaraq məlumatlandırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri