Nərminiqətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib [Yenilənir 5]


14:13 12/01/20

Tovuz Rayon Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

LIVE.az  yerli mediaya istinadən verdiyi xəbərə görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.


///

13:34 2020-01-10

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

Tovuz rayonunun Dondar Quşçu kəndində xüsusi amansızlıqla qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev azyaşlının qətli ilə bağlı saxlanıldığı deyilən İlkin adlı şəxs barədə Trend-ə açıqlama verib.

L.Quliyev bildirib ki, hadisə ilə bağlı saxlanıldığı deyilən İlkin Süleymanov həmin kənddə yaşayır:

"İlkin bizim evdən 500-600 metr aralıda yaşayır. Kənddə tanıdığımız adamdır. Qohumluq əlaqəmiz yoxdur, amma İlkin Nərminin atası Şərifin sinif yoldaşıdır. Hüquq-mühafizə orqanları onu izahat almaq adı ilə aparıblar. Amma qətlin kimin tərəfindən törədilməsi barədə bizə heç nə deməyiblər. Biz də eşitmişik ki, İlkini polisə çağırıblar. Amma nə vaxt çağırıblar, niyə çağırıblar xəbərimiz yoxdur. Bu dəqiqə başımız qarışıqdı, onu araşdırmaq halında deyilik".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

///

Nərminin qatili ilə bağlı DİN-dən açıqlama

13:03 10/01/20

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

LIVE.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.


///

Nərminin qatili saxlanıldı

12:21 10/01/20

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

LİVE.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

***

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, belə bir şey olsa ictimaiyyətə geniş açıqlama veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri