Prokuror “Texnikabank”ın əməkdaşlarına cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Samir Hüseynovun 11 il 6 ay, Polad Talıbovun 11 il, Nicat Abdullayev, Zülfüqar Zülfüqarlı və Rafət Əhmədovun hər birinin 10 il, Elnur Seyidovun 11 il, İlham Bahadurov, Anar Həmzəyev, Samir Ağamalıyev, Əfsanə Hüseynzadə, Elnur Nəsibova, Rəşad Musayev, Natiq Cəfərlinin hər birinin 9 il, Şərqiyyə Allahverdiyeva, Elmar İsmayılov, Aynur Şərifova, Sürayyə Əlizadənin hər birinin 10 il, Ramin Əlizadənin 8 il 6 ay, Namiq Xəlilov, Taib Məmmədov, Vasif Cahangirov və Nicat Hacıyevin hər birinin isə 9 il 6 ay müddətinə həbs olunmalarını istəyib.

Proses iyulun 23-də davam etdiriləcək.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. E.Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri