Qız tərəfindən “qaçırılan” oğlan danışdı

Qız tərəfindən “qaçırılan” oğlan danışdı Diaspor Komitəsində çalışan Kənan Məmmədovun sevdiyi qız tərəfindən qaçırılması ilə bağlı məlumat vermişdik. Bu barədə mətbuata Kənan Məmmədovun atası Akif Məmmədovun oğlunun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını demişdi.


Qız tərəfindən qaçırıldığı iddia edilən K.Məmmədov bununla bağlı ANS-ə açıqlama göndərib. O, yayılmış informasiyalarda məsələnin mahiyyətinin təhrif olunduğunu bildirir:


"Mətbuatda barəmdə yayılan xəbərlərlə əlaqədar açıqlama verərək bildirmək istəyirəm ki, bu informasiyalarda məsələnin əsl mahiyyəti təhrif olunub. Ailələrimiz uzun zamandır bir-birimizi tanımağımıza baxmayaraq ailə qurmağımıza etiraz etdiyi üçün biz birlikdə qərara gəldik ki, rəsmi nikaha daxil olub müstəqil şəkildə həyatımızı quraq. Biz bu addımın düzgün olduğuna əminik və qərarımızdan qətiyyən peşman deyilik. Bu qərarən təşəbbüskarı mən olmuşam və sonuna qədər öz ailəmi qoruyacağamı bir daha bildirmək istəyirəm. Mən yeni bir ailə qurmuşam və təssüf edirəm ki, bəzi kütləvi informasiya vasitələri ucuz sensassiya dalınca qaçaraq, şəxsi bir məsələni təhrif olunmuş formada ictimailəşdirməyə cəhd göstərirlər. Xatırlatmağı zəruri bilirəm ki Azərbaycanda gündə bəlkə də onlarla belə hadisə baş verir. Bir daha hər kəsi qərarıma hörmətlə yanaşmağa, yeni qurulmuş bir ailəyə psixoloji təzyiq xarakteri daşıyan bu cür ucuz sensassiyalardan uzaq durmağa çağırıram.


Mənim 31, həyat yoldaşımın isə 27 yaşı var və ümid edirəm ki, ictimaiyyət bizim müstəqil qərar vermək hüququmuza hörmətlə yanaşaraq bu addımımızı anlayışla qarşılayacaq. Azərbaycan Respublikasının Konstitusiyası (34-cü maddə) bizə müstəqil olaraq nikaha daxil olmaq hüququ verir. Mən eyni zamanda təəssüf hissi keçirirəm ki, kütləvi informasiya vasitələrində çalışdığım dövlət orqanının adı şəxsi bir məsələ kontekstində hallandırılır.


Bir daha bildirmək istəyirəm ki, bu bizim müstəqil olaraq qəbul etdiyimiz qərardır. Biz çox təəssüflənirik, ancaq atdığımız addıma görə deyil, valideynlərimizin xeyir-duasını ala bilmədiyimizə görə. Valideynlərimizin bizim üzərimizdə əməyi o qədər böyükdür ki, bizə qarşı bütün haqlı və ya haqsız iradlarını tam anlayışla və hörmətlə qarşılayırıq".
Şərhlər
Hadisə bölməsinin xəbərləri