Azərbaycanda zəncirvari avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

Ağdaş rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Göyçay sakini Telman Məmmədovun idarə etdiyi 10 SN 221 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən qarşı tərəfdə dayanmış, Şəki sakini Elçin Hacıqədirova məxsus 90 JE 059 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşınına çırpılıb.

Zərbənin təsiri nəticəsində “Mercedes” fırlanaraq əks istiqamətdən gələn, Ağdaş sakini Xəzri Rəsulovun idarə etdiyi 90 XJ 115 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşınına çırpılıb.

Hadisə nəticəsində T. Məmmədov, sərnişinlər – Göyçay rayonunun Çayarxı kənd sakinləri Rəxşəndə Abdullayeva və Asiya Əkbərova, habelə “VAZ 21015”-in sürücüsü Xəzri Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri