Lənkəranda zəncirvari qəza baş verib

Lənkəranda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəza hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Ləvəngi – Avtovağzal istiqamətində hərəkətdə olan Lənkəran sakini, 23 yaşlı Raiq Hüseynovun idarə etdiyi “Mersedes” markalı avtomobil yolda manevr edərək, sol tərəfə dönmək istəyərkən 25 yaşlı Savalan Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil arxadan gələrək ona çırpılıb.  Daha sonra “VAZ-2107” markalı avtomaşın yolun kənarında hərəkətsiz dayanmış  “VAZ-21011”  markalı avtomaşınla toqquşaraq yaxınlıqdakı elektrik dirəyinə çırpılıb.  Zəncirvari qəzada xəsarət alan olmasa da, hər 3 avtomaşına ciddi ziyan dəyib. Hadisə yerində olan yol polisi əməkdaşlarının apardığı ilkin araşdırmalardan sonra qəza şəraitinin “Mersedes”in sürücüsü tərəfindən törədildiyi məlum olub. “Mersedes”in sürücüsü hərəkətdə olarkən, sağdan sola dönən zaman düzgün manevr etmədiyindən arxadan gələn “VAZ-2107” markalı avtomobilin onun maşınına çırpılmasına şərait yaradıb.
 
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri