Azərbaycanda 28 nəfəri ilan sancıb

Bu ilin iyun ayında Azərbaycanda 16 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ilan sancma diaqnozu ilə 16 şəxs mərkəzə gətirilib. A.Maqsudovun sözlərinə görə, onlarda 11-nə ilkin tibbi yardım göstərilərək evə buraxılsa da, 5-i hazırda mərkəzdə müalicəsini davam etdirir: “İlan sancmanın 2-si Şəki, 2-si Siyəzən, Salyan rayonlarında, digərləri isə Abşeronun kəndlərində qeydə alınıb. May ayında isə 12 ilan sancma hadisəsinin qeydə alındığını nəzərə alaraq son iki ay ərzində 28 nəfərin ilan sancmaya məruz qaldığı məlum olub. İlan sancma nəticəsində ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov qeyd edib ki, əqrəb sancması ilə bağlı yalnız 3 müraciət daxil olub. Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib: “Hörümçəyin zəhərli növü olan “qara qurd” isə iyun ayında 1 nəfəri sancıb. Bu hadisə Qaradağ rayonunda qeydə alınıb. Həmin şəxs 3-4 gün mərkəzdə müalicə alandan sonra evə buraxılıb. Dərmanın əlavə fəsadı və təsiri nəticəsində 4 nəfər allergik reaksiyadan zərər çəkib. Onlar da bir neçə gün müayinə və müalicə keçəndən sonra evə buraxılıblar”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri