Gömrükdə iranlı sürücünün pencəyindən narkotik vasitə aşkar edildi

Azərbaycan gömrükçüləri narkotik maddə hesab edilən metadon aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycandan İran İslam Respublikasına gedən İran vətəndaşı Farzin Kioumars Eslam oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna baxış keçirilib.

Baxış zamanı avtobusun sürücü oturacağının yanında asılmış, Farzin Kioumars Eslam oğluna məxsus pencəkdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şüşə flakonda 54,5 ml həcmində metadon məhlulu aşkar edilib.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 54,5 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,054 qram təşkil edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri