Gəncədə yataqxanada bıçaqlanma olub

Ötən gecə Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.



APA-nın məlumata görə, Kəlbəcərdən olan məcburi köçkün iki həmyerlisini ağır yaralayıb. Hadisə şəhərin Dədə Qorqud küçəsində, Gəncə Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. Belə ki, həmin yataqxanada müvəqqəti məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər Vüqar Məlikov və onun qardaşı Sahil Məlikov öz tanışları və həmyerliləri Naib Hüseynovla mübahisə ediblər. Sonra iki qardaş Naib Hüseynovu döyüb. Döyülən şəxs isə üstündə gəzdirdiyi bıçaqla Vüqarı və Sahili bıçaqlayıb.



Yaralılar dərhal Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. Cinayəti törədən Naib Hüseynov isə polisə könülü olaraq təslim olub. Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri