ABŞ-da seçkiöncəsi qeyri-müəyyənlik dolları ucuzlaşdırır

ABŞ-da prezident seçkiləri öncəsi qeyri-müəyyənliyin artması səbəbindən bu gün dünya bazarında dolların məzənnəsi ucuzlaşıb.

APA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dolların ucuzlaşmasına investorların narahatlığı və Yaponiya ieni kimi digər təhlükəsiz valyutalara tələbatının artması səbəb olub.

Qeyd edək ki, oktyabrın 28-də ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin Hillari Klintonun dövlət qulluqçusu zamanı özəl server vasitəsi ilə elektron poçtdan istifadə etdiyini müəyyənləşdirmək məqsədilə yeni məlumatları araşdırdıqlarını bəyan etdikdən sonra ictimai rəyin öyrənilməsi üçün aparılan sorğularda respublikaçı namizəd Donald Trampın qələbəyə şanslarının yüksəldiyi məlum olub. Bununla da, ABŞ-ın milli valyutasının məzənnəsi avroya nisbətdə 3 həftəlik, iena qarşı isə 12 günlük minimuma enib.

Nəticədə bu gün səhər avro dollara qarşı 0,11% möhkəmlənərək 1,1066 dollar səviyyəsinə yüksəlib ki, bu da oktyabrın 11-də əldə edilmiş maksimuma, yəni 1,1069 dollar səviyyəsinə yaxındır.

Dolların ienə qarşı məzənnəsi 0,24% azalaraq 103,87 ien təşkil edib ki, bununla da 12 günlük minimum təzələnib. Belə ki, 12 gün əvvəl dolların ienə qarşı məzənnəsi 103,650 ien olub.

Analitiklər bəyan edib ki, Asiya səhmlərinin zəifləməsinə görə risklərdən qaçma fonunda ienin məzənnəsi yüksəlib.

ABŞ-da prezident seçkilərinə bir həftədən də az vaxt qaldığına görə siyasi şərait fundamental faktorlara qaranlıq saldığından bu gün axşam saatlarında Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətlə bağlı qərarı çox güman ki, ikinci plana keçəcək.

Ekspertlər FES-in bu dəfə faiz dərəcələrini qaldırmayacağını, bununla belə iqtisadiyyatın canlanmasının əlamətləri sezildiyindən dekabrda pul-kredit siyasətini sərtləşdirmək üçün zəmin yaradacağını gözləyir.

“Çətin ki, valyuta bazarı mühüm faktor kimi FES-in iclasına nəzər yetirsin. FES uzun müddət dekabrda faiz dərəcələrinin artırılacağına işarə etdiyindən indi bazar ABŞ-da seçki proseslərini diqqətlə izləyir”, - deyə “Barclays”ın eksperti Sin Kadota bəyan edib.

Qeyd edək ki, dolların indeksi bir qədər dəyişərək 97,660 bəndində qərarlaşıb və 2 həftəlik minimumun qeydə alındığı göstəriciyə, yəni 97,640 bəndinə yaxınlaşıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri