MBNP "Zolotaya Korona"nı Ermənistana köçürmələri dayandırmağa məcbur edib

Bakı. Musa Əhmədov - APA-Economics. "Zolotaya Korona" beynəlxalq pulköçürmə sisteminin operatoru və hesablama mərkəzi olan Rusiyanın qeyri-bank kredit təşkilatı "Ödəniş Mərkəzi" MMC (OOO "Платежный Центр") Ermənistanda əməliyyatları dayandırıb.

APA MMC-nin saytına istinadən xəbər verir ki, bununla bağlı qeyri-bank kredit təşkilatı müştərilərə müraciət edib. Müraciətdə bildirilir ki, sentyabrın 7-dən "Zolotoya Korona" vasitəsilə Ermənistana və əks istiqamətdə pul köçürmələri dayandırılıb. "Ödəniş Mərkəzi" əməkdaşlıq üçün sizə təşəkkür edir və bəyan edir ki, daxili qərarla əlaqədar sentyabrın 7-dən Ermənistana pul köçürmələri üçün ödənişin qəbulu və köçürmənin icrası xidmətini dayandırır", - deyə müraciətdə vurğulanıb.

APA "Zolotaya Korona" beynəlxalq pulköçürmə sistemi vasitəsilə Ermənistan ilə əməliyyatların dayandırılmasının səbəblərini araşdırıb. Məlum olub ki, "Ödəniş Mərkəzi" "Zolotaya Korona" digər ödəniş platformaları vasitəsilə ilə işğal altında olan Dağlıq Qarabağa pul köçürmələri edib. Bu barədə məlumat daxil olan kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) buna etiraz olaraq "Ödəniş Mərkəzi" MMC-yə xəbərdarlıq məktubu ünvanlayıb. Palatanın təzyiqi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və beynəlxalq qanunvericiliyə zidd olan əməliyyatların qarşısının alınması məqsədilə "Ödəniş Mərkəzi" MMC Ermənistana pulköçürmə əməliyyatlarının dayandırılması barədə müvafiq qərar qəbul edib.

"Ödəniş Mərkəzi" MMC-nin İdarə Heyətinin sədri Q.M.Mats Palataya ünvanladığı məktubda rəhbərlik etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal altında olan ərazilərə pul köçürməsinin yolverilməzliyini vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bu faktı təsdiqləyiblər: "Bizə məlumat daxil oldu ki, "Zolotoya Korona" ödəniş sisteminin iştirakı ilə Dağlıq Qarabağa pul köçürmələri edilir. Məlumat araşdırıldı və "Zolotoya Korona"ya məktub ünvanlayıb, bununla bağlı danışıqlar apardıq. Danışıqların nəticəsi olaraq onlar ümumiyyətlə Ermənistan üzərində köçürmələri dayandırmaqla bağlı qərar qəbul etdilər. Hazırda biz bu məsələni nəzarətdə saxlamışıq".

Xatırladaq ki, bu, "Zolotaya Korona" beynəlxalq pulköçürmə sisteminin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində əməliyyatlar həyata keçirməsi ilə bağlı birinci hal olmayıb və bu hadisə dəfələrlə təkrarlanıb.

Ona da qeyd edək ki, altı ay fəaliyyət göstərməsinə baxmayaraq, MBNP "Zolotoya Korona"nın Ermənistanla əməliyyatları dayandırmasına müvəffəq olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri