Rüfət Aslanlı: Bankların bazar günü də işləməsinə ehtiyac yoxdur

Rüfət Aslanlı: Bankların bazar günü də işləməsinə ehtiyac yoxdurMaliyyə Bazarlarına Nəzarət Palatası ölkə banklarının 7 günlük iş rejiminə keçidinə ehtiyac görmür.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-ə müsahibəsində deyib.

O qeyd edib ki, bazar günləri cəmi iki bankın hərəsinin bir filialı fəaliyyət göstərir: “Əgər həmin banklar görsəydilər ki, bazar günü bütün filiallarını işlədib mənfəət əldə edə bilərlər, yəqin ki, bütün filiallarını işlədərdilər”.

R.Aslanlının sözlərinə görə, xarici ölkələrdə bütün insanlar bilirlər ki, bayram günləri, istirahət günləri banklar çalışmır: “Şənbə-bazar günləri insanlar öz alış-verişlərini, xərclərini planlaşdırırlar və cümə günləri bank vəsaitlərini xarici valyutadan milli valyutaya və yaxud əksinə konvertasiya edirlər. Əgər hər hansı bir şəxs bunu edə bilməyibsə, bazar günləri həmin qeyri-iş günləri çalışan “növbətçi” bank nöqtələrində bu xidmətdən istifadə edə bilərlər”.

Palata rəhbəri ötən ay Formula-1 yarışı vaxtı bankların fəaliyyətinə də toxunub: “Formula-1 yarışının treki ətrafında olan zonalarda 90-dan çox bank şöbəsi 10 gün ərzində fasiləsiz olaraq səhər saat 09:00-dan axşam saat 21:00-dək işləyirdi. Əlavə olaraq, biz mobil tətbiq və xəritə də hazırlamışdıq. Bunu hotellərdə turistlərə də göndərmişdik. Onlar həmin proqramdan istifadə etməklə hansı ünvanlarda bankların və valyutadəyişmə məntəqələrinin olduğunu, həmin ünvanlara getmək üçün marşrutları öyrənirdilər”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri