Murad Arifdən açıq məktub: Heç vaxt özümü bəstəkar saymamışam

Murad Arifdən açıq məktub: Heç vaxt özümü bəstəkar saymamışam Bəstəkar-müğənni Murad Arif Bəstəkarlar İttifaqı və Müəllif Hüquqları Agentliyinə açıq məktub ünvanlayıb.


Live.az məktubu olduğu kimi təqdim edir:


“Mən Murad Arif, heç vaxt özümü bəstəkar saymamışam. Yazdığım 15-20 mahnıya görə qətiyyən peşman deyiləm və onların sevilməsindən qürur duyuram. Bir həvəskar olaraq, şedevr saymadığım bu mahnılara qarşı mühafizəkaram. Kimsə o mahnılara icazəsiz və ya ödənişsiz müraciət etmək istədikdə, müdaxilə etmişəm. Müsabiqələrdə, müxtəlif layihələrdə mahnılarıma, icazəsiz müraciət edilərkən narahatlıq keçirirəm. Əgər o mahnını ifaçılar korlayırsa, bu, əsəb və stresslə də nəticələnə bilər.

Bəstəkarlar İttifaqına yazmaqda məqsədim böyük bəstəkarların birmənalı şəkildə şedevr sayılan irsinə hüquqi şəkildə sahib çıxmağımızla əlaqədardır.

Özüm də musiqili veriliş apardığım üçün yeni nəsil ifaçılarımızın repertuarına yaxşı bələdəm. Onların repertuarında Üzeyir Hacıbəyovdan başlayaraq, klassik estradamızın Elza İbrahimova, Emin Sabitoğlu kimi nəhənglərinə müraciətlər görürəm. Düzünü desək, uğurlu müraciətlər də olur. Lakin çox bərbad nümunələr də az deyil.

Pis ifa, keyfiyyətsiz aranjiman və təhriflə oxunan musiqi və sözlər, müəllifin qeyd olunmaması və ya səhv deyilməsi, müəllifin əziz xatirəsinə, ailəsinə təhqir deyilmi?

Belə halların qarşısının alınması üçün ən azı tele-radio efirlərdə və konsert salonlarında sırf bu mahnıların oxunması üçün məhdudiyyətlər qoyula bilərmi?

Hansısa Xasay və ya Gülbadam (adlar şərtidir) Cahangir Cahangirovun, Hacı Xanməmmədovun, Rauf Hacıyevin şedevrlərini ucuz və bərbad şəkildə təqdim edib, özünə maliyyə və prestij qazandığı halda, həmin mahnıların hüquqi varislərinə bu qonorardan pay düşməlidirmi? Və ya heç olmasa, bu varislərin və əsl musiqi sevərlərin mənəvi haqqı qorunmalıdırmı?

ABŞ-da "Great American Songbook (Amerikanın Böyük Mahnı toplusu)" adlı bir siyahı var. Bu gün ABŞ-da hər müğənni "Strangers in the night", "Summertime", "Fly me to the moon" kimi əsərləri iznsiz yazdırıb, nə satışa, nə Youtube portalına çıxara bilir. Hətta hər yetən o mahnıları konsertində də oxuya bilməz. Çünki "youtube" saytı, albom istehsal edən şirkətlər və teleradiolarla müəllif agentliklərinin əməkdaşlığı var. Bəstəkarlar İttifaqına təklifim budur ki, böyük bəstəkarlarımızın irsi belə bir topluya salınsın və o mahnılara hər bir yeni müraciət peşəkar kollegiyanın və müəllifin varislərinin icazəsi ilə gerçəkləşdirilsin. Bu qaydanı pozub, efirlərdə o əsərləri icazəsiz və səhv oxuyan ifaçılar isə cərimələnsin.

Müasir ifaçıların hər zaman gətirdiyi bir bəhanə var: Biz oxumasaq, yaşatmasaq o əsərlər unudular...

Halbuki, o əsərlər Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova və digərlərinin ifasında, həm internet portallarında həm də disk satış mərkəzlərində hələ də var və gənclik tərəfindən tələbatlıdır. Lakin bu gün hansısa məşhur ifaçı Elza İbrahimovanın mahnısındakı "O çağlar necə də mənə haydılar..." cümləsini "O çağlar necə də mənə HAYQIRAR..." kimi oxuyursa, və yaxud "Baxın həsədlə indi gəlirəm mən ilk görüşdən..." cümləsini "Baxın HƏSRƏTLƏ..." kimi oxuyursa, yeni nəsil də bu irsi yalnış öyrənməzmi?

Bir sözlə, Azərbaycan mahnılarını, qonşulardan öncə bir qisim Azərbaycan müğənnilərindən qorumağın zamanıdır. Belə bir qayda tətbiq olunsa, əminəm ki, bütün müəlliflər məmnun olar".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri