Azərbaycanda 3 dövlət qurumu ləğv edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.



Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.



Fərmanda deyilir ki, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.



Qeyd edək ki, palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.



Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.



Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılır:



İşçi qrupunun rəhbəri



Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri



İşçi qrupunun üzvləri



Asim Məmmədov - “Xalq Bank” ASC-nin Müşahidə Şurasının sədri



Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri



Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri



Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru



Zəka Mirzəyev - Azərbaycan Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri