Nardaranda iki küçənin yenidən qurulması ilə bağlı sakinlərə kompensasiya verilməsi məsələsinə aydınlıq gətirilib

Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsi ilə əlaqədar obyekt və yaşayış sahələrinin sahiblərinə kompensasiya verilməsi məsələsinə aydınlıq gətirilib.

Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli APA-ya açıqlamasında deyib ki, hazırda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq sənədləşmə işləri aparılır.

A. Nəcəfli bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən həmin ərazinin kadastr planı da hazırlanır. Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə sənədlərin toplanması, həmçinin vətəndaşların məlumatlandırılması işləri aparılır: “Həmin sənədlər tam hazır olandan sonra nəzarət orqanına - Maliyyə Nazirliyinə təhvil veriləcək. Razılaşdırıldıqdan və qərar verildikdən sonra vətəndaşlara müvafiq kompensasiyalar, ödənişlər veriləcək”.

Qeyd edək ki, Nardaran qəsəbəsində ilkin olaraq Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması planlaşdırılır. Yenidən qurulacaq iki küçənin ümumi uzunluğu 3 kilometrə yaxındır. Küçələrin biri 18, digəri 14 metr enində genişləndiriləcək. Hazırda genişləndirilən sahədə olan obyektlərin və yaşayış sahələrinin sökülməsi işləri aparılır. İşlər tam başa çatandan sonra genişləndirilmiş küçələr tam müasir görkəm alacaq. Abşeron küçəsində hər iki istiqamət üzrə 1,25 metr enində, Nəsrulla Əsgərov küçəsində isə hər iki istiqamət üzrə 1 metr enində səkilərin də tikilməsi nəzərdə tutulub. Həmçinin işıqlandırma sistemi və yeraltı kommunikasiya xətləri də yeniləri ilə əvəzlənəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri